Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Ərdoğan Bakıda Naxçıvan məsələsini müzakirə edə bilər”


“Prezident seçkilərindən sonra Azərbaycan və Türkiyənin dövlət başçısının ilk xaricə səfərini qardaş ölkəyə etməsi münasibətlərdə xoş və müsbət ənənədir”

“Bu, Azərbaycanla Türkiyənin nə qədər yaxın, müttəfiq, strateji tərəfdaş olduğunun göstəricisidir. Qarşılıqlı olaraq bu səfərləri həm də beynəlxalq ictimaiyyətə bir mesaj kimi qiymətləndirmək olar”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycan və Şimali Kiprə etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, sabah Azərbaycana gələcək Türkiyə prezidenti azərbaycanlı həmkarı ilə hərbi sahədən tutmuş siyasi əməkdaşlığın müxtəlif parametrlərinədək ən müxtəlif istiqamətdə müzakirələr aparacaq: “İki qardaş ölkənin rəhbərlərinin görüşəndə ümumi ortaq problemlər müzakirə predmeti olur və müsbət qərarlar qəbul edilir. Heç şübhəsiz, Dağlıq Qarabağ məsələsi ətrafında da müzakirələr olacaq. Türkiyə hər zaman Dağlıq Qarabağ problemi ilə bağlı bizə dəstək olub və köməyini təklif edib. Bundan başqa son vaxtlar aktiv bölgə olan Naxçıvan Türkiyənin də gündəmdə saxladığı həssas mövzudur. Bununla bağlı da müəyyən fikir mübadiləsi aparıla bilər. Ermənilərin özü də Naxçıvan məsələsində həssaslıq nümayiş etdirir, bunun səbəblərindən biri də Türkiyə faktorudur. Günnüt əməliyyatı zamanı Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra erməni mediasında müxtəlif təhlillər dərc olunur. Orada Türkiyə amilinin gələcəkdə oynayacağı rol barədə, ümumilikdə Naxçıvan istiqamətində ermənilər hər hansı aktivlik nümayiş etdirərsə, Türkiyənin verəcəyi reaksiya ətrafında ciddi müzakirələr aparılır”.

Politoloq xatırladıb ki, vaxtilə Türkiyə cümhuriyyəti qurulanda parlament və Mustafa Kamal Atatürk Naxçıvan məsələsinə xüsusi diqqətlə yanaşıb: “1921-ci ildə Sovet imperiyası ilə Türkiyə arasında Moskva və Qars müqavilələri bağlanıb. Burada əsas məqsəd delimitasiya edilən sərhədlərin müəyyənləşməsi olub. Hər iki müqavilə sərhədlərin müəyyənləşdirilməsində çərçivə rolunu oynayıb. Bu, eyni zamanda Ermənistanla Türkiyə arasında sərhədlərin delimitasiyası ilə paralel aparılıb. 

Türkiyə Şərur regionunun xüsusi statusunun təsbit olunmasında israrlı mövqe ortaya qoyub. Nəticədə problemin müsbət həllinə nail olub. Moskva müqaviləsini yalnız Sovet Rusiyası ilə Türkiyə imzalayıb, “Qars” isə Sovet respublikaları olan Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyə nümayəndələri arasında bağlanıb. Bu səbəbdən ermənilər Qars müqaviləsini qabardıb Naxçıvan məsələsinə həssas yanaşırlar. Bir müddət öncə belə müzakirələr aparılırdı ki, ermənilər Naxçıvan istiqamətində hücuma keçməsi ilə Türkiyə ilə Rusiyanı üz-üzə qoya bilər. Bütün bunları ümumiləşdirsək, Türkiyə və Azərbaycan prezidentlərinin Naxçıvan məsələsini müzakirə edəcəyi istisna edilmir”.

Vüqar Zifəroğlunun fikrincə, prezidentlərin görüşündə Yaxın Şərqdə baş verən proseslər ətrafında da müzakirələr aparıla bilər: “Türkiyə Yaxın Şərqdə baş verənləri diqqətlə izləyir, Azərbaycan da öz növbəsində həmişə regionda baş verən hadisələrə həssaslıq nümayiş etdirir, İslam həmrəyliyi ilə bağlı çağırışlar edən bir ölkə kimi tanınır”.
Etiket:

loading...