“9-cu sinifdə oxuyanda sınaq imtahanlarından ən çoxu 300-400 bal toplayırdım. Nəhayət, hazırlıq kursunda iki il hazırlaşdıqdan sonra 700 bal topladım”
Bu sözləri musavat.com-a ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək, 700 bal toplamış abituriyent Anar Abıyev deyib.
Bakı şəhər 297 saylı orta məktəbin məzunu olan A.Abıyev Bakı Ali Neft Məktəbini seçəcəyini deyib: “Birinci qrup üzrə imtahan vermişəm. Abituriyent dönəminin ilk aylarında qarşıma məqsəd qoymuşdum ki, sonda 700 bal toplayacağam. Budur, məqsədimə çatdım! İmtahandan iki gün əvvəl bütün qaydaları təkrarladım. Bir gün qalmış isə demək olar, oxumadım. Yalnız yadıma nəsə düşəndə kitabı açıb baxırdım. Suallar isə nə çətin idi, nə asan... İngilis dili və riyaziyyatdan 1-2 sualda çətinlik çəkdim. Qalan bütün sualları bir saat ərzində cavabladım, amma köçürmədim. Hər ehtimala qarşı bir saat da fikirləşdim. Bir-iki səhvimi tapdım. İmtahanın bitməyinə son yarım saat qalmış cavabları köçürdüm”.
O, həmçinin gələcəkdə imtahan verəcək abituriyentlər üçün faydalı ola biləcək tövsiyələr də verib: “Nə istədiklərini əvvəlcədən dəqiqləşdirsinlər. Daha sonra məqsədlərinə uyğun olaraq hazırlıq dönəmi keçməlidirlər. Son iki il müddətində əyləncələr və internetdən imtina etməlidirlər. Bütün vaxtlarını dərslərə sərf etməlidirlər. Sadə telefondan istifadə edə bilərlər. Vacib şərtlərdən biri yuxu rejimidir. İnternetdən və sosial şəbəkələrdən istifadə etmirdim”.
Digər xəbərlər
loading...